2024-cu ilin may ayı ərzində ARF tərəfindən görülən işlər:
- Reqbi məşqlərinin keçirildiyi orta məktəblərin sayı 10-a çatdırıldı. Bu məktəblərdən biri Bakıda yerləşən 3 saylı uşaq evidir. Reqbi məşqlərinin keçirildiyi uşaq evlərinin və internat məktəblərinin sayının artırılması nəzərdə tutulur;
- İki özəl məktəbdə reqbi idman növünun növbəti tədris ilindən etibarən tədris proqramına salınması razılaşması əldə olundu. Bununla da həmin məktəblərdə bütün şagirdlər tədris ili ərzində digər idman növləri ilə yanaşı müntəzəm olaraq reqbi oynayıb, bu idman növünün texnikasını öyrənə biləcəklər;
- Məktəb komandaları arasında “Tag-rugby” üzrə test-oyunların keçirilməsinə start verildi. Tag-rugby bu idman növünün məktəblilər üçün nəzərdə tutulan tam təmassız növüdür. Oyunçular rəqib hücumunun qarşısını almaq üçün bir biri ilə təmas yaratmadan xüsusi lentləri (tag) qoparırlar. Eyni zamanda tag-rugby uşaqlarda sürət, çeviklik, ümumi fiziki hazırlıq və komanda şəklində işləmə bacarığının inkişafını təmin edir. Həmin oyunlar kütləviliyin artırılması, uşaq və yeniyetmə məktəblilərin reqbi idman növünə cəlb olunması və qarşıdan gələn Məktəb Liqasına və beynəlxalq turnirlərə hazırlıq xarakteri daşıyır. Eyni zamanda yeni mövsümdən Azərbaycan Respublikasını beynəlxalq yarışlarda təmsil edəcək yeniyetmələrdən ibarət milli yığma komandaya namizəd oyunçuların seleksiyası prosesi başlamışdır;
- AR tərəfindən reqbi oyunçularının, məşqçilərinin və hakimlərinin elektron bazasının yaradılması başladı. İşin iyul ayında yekunlaşması nəzərdə tutulur. Həmin bazada oyunçular, məşqçilər və hakimlər haqda detallı məlumatlar əks olunacaq. Bazada məlumatların daxil olunması, dəyişdirilməsi və silinməsi imkanı səlahiyyətli şəxsdə olması ilə yanaşı, məlumatların konfidensial olmayan hissəsinə baxmaq imkanı istənilən şəxsdə olacaqdır. Bazaya giriş düyməsi ARF rəsmi internet saytında olacaq. Bazanın yaradılması məlumatların şəffaflığını təmin etməsi ilə yanaşı, oyunçuların növbəti tibbi baxışdan keçməsi, lisenziyaların etibarlılıq müddətinin başa çatması kimi avtomatik xəbərdarlıq etməklə gecikmələrin yaranmasının qarşısını alacaqdır. Eyni zamanda müvafiq yaş kateqoriyalarına aid olmayan oyunçuların oyunlarda iştirak etməsinə nəzarət üçün effektiv vasitə olacaq;
- ARF və Gürcüstanın “Tsikara” reqbi klubu arasında növbəti tərəfdaşlıq memorandumu imzalandı. Memoranduma əsasən iyun-iyul aylarında Gürcüstanda təşkil olunacaq təlim-məşq toplanışında azərbaycanlı məşqçilərin ustalıq səviyyələrinin artırılması məqsədi ilə iştirakı təmin olunacaq;
- Uzun fasilədən sonra Azərbaycanda kişilərdən ibarət komandalar arasında beynəlxalq rəsmi test-mayç baş tutdu. “Xəzər Universiteti” reqbi klubu ilə Gürcüstanın “Aragvelebi” klubu arasında görüş Qəbələ şəhər stadionunda baş tutdu və təcrübə mübadiləsi xarakteri daşıyırdı.
- Azərbaycanda World Rugby bayrağı altında məşqçi və hakimlər üçün seminarın keçirilməsi ilə bağlı Gürcüstan Reqbi Akademiyası ilə razılıq əldə edildi. Seminarın keçirilməsi iyul-avqust aylarında nəzərdə tutulub.
Press reliz: 05.2024 (PDF rəsmi blank üzərində)