![]()
Ötən gün Avropa Azərbaycan Məktəbinin (EAS) idman zalında yerli komanda Sumqayıt şəhəri 10 saylı orta məktəbi təmsil edən "Sumqayıt qasırğası" komandasını tag-rugby üzrə test-matçda qəbul edib. Bu ölkəmizdə məktəb komandaları arasında keçirilən ilk reqbi matçı idi.
Oyundan əvvəl EAS direktoru Françesko Bankini komandaları salamlayaraq reqbinin uşaq və yeniyetmələr üçün faydası, bu idman növünün ölkəmizdə perspektivləri haqda danışdı və iştirakçılara uğurlar arzu etdi.
Maraqlı və gərgin mübarizə şəraitində keçən oyun daha təcrübəli Sumqayıt təmsilçilərinin 10:5 hesablı qələbəsi ilə yekunlaşdı. İlk rəsmi oyununa çıxan meydan sahibləri isə əsl reqbi xarakteri nümayiş etdirərək sonadək mübarizə aparıb rəqibin cəhd zonasına 5 dəfə yol tapa bilib.
Görüşdən sonra cənab Bankini balaca reqbiçilərə xüsusi sertifikatlar təqdim edib, onları şirniyyat masasına dəvət etdi.
Qeyd edək ki reqbi ənənələrinə görə yarışdan sonra rəqib komandalar birlikdə nahar və ya çay/şirniyyat süfrəsində əyləşərək birlikdə vaxt keçirib, dostluq əlaqələri yaradırlar. Bu mərasim "3-cü taym" adlanır.
Məktəb komandaları arasında keçiriləcək bu və digər test-matçlar yeniyetmə reqbiçilərin oyun təcrübəsinin artırılması ilə yanaşı sentyabr ayından etibarən Azərbaycanda ilk reqbi üzrə Məktəb Liqasına hazırlıq məqsədi daşıyır.