Bugün Gürcüstanın Mtsxeta şəhərində Gürcüstan Reqbi İttifaqının prezidenti İoseb Tkemaladze, Azərbaycan Reqbi Federasiyasının inkişaf üzrə vitse-prezidenti Eldar Kərimov və Qazağıstan Reqbi Federasiyasının prezidenti vəzifəsini icra edən Aygül Cartıbayeva arasında reqbinin inkişafı üzrə üçtərəfli memorandum imzalanıb. Memorandumda üç ölkə arasında reqbi sahəsində daha sıx əlaqələrin qurulması, klub və müxtəlif yaş dərəcələrində milli yığma komandaların təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışlarının və yarışların təşkil olunması nəzərdə tutulub. Eyni zamanda Gürcüstan reqbi rəhbərliyi ölkəmizdə və Qazağıstanda bu idman növündə bütün istiqamətlər üzrə mütəxəssislərin, daha dəqiq desək məşqçilərin, hakimlərin, tibbi personalın və s. yetişdirilməsinə hazır olduğunu qeyd edib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Qazağıstanın Gürcüstandakı səfiri Malik Murzalin, əfsanəvi gürcü reqbiçi Mamuka Qorqodze və digər fəxri qonaqlar iştirak edirdilər.
Tədbirdən əvvəl qonaqlar Duşeti vilayətində reqbi üzrə uşaq festivalında iştirak etdilər, daha sonra tanınmış gürcüstanlı idmançı, ağırlıqqaldırma üzrə Olimpiya çempionu, dəfələrlə dünya və avropa çempionu Laşa Talaxadzenin məşq etdiyi idman zalına dəvət olundular. Sonra həmin vilayətdə keçirilən gürcü milli güləş üzrə yarışı izlədilər.
ARF vitse-prezidenti Eldar Kərimov imzalama mərasimindən sonra tədbirlə bağlı fikirləri ilə bölüşdü:
Bugünkü tədbirdə imzalanan sənəd bölgəmizdə reqbinin inkişafına olduqca güclü təkan verəcəkdir. Biz daha təcrübəli qonşularımız olan gürcü reqbiçilərinin keçdiyi yolu onların köməyi ilə daha qısa zaman ərzində keçib yuxarı pillələrə doğru addımlayacayıq. Reqbinin ən yüksək nəticə verə biləcəyi bölgə məhz Qafqaz və orta Asiya ölkələridir. Reqbi ruhən bizim oyundur və bu tərəfdaşlıq qısa zaman ərzində bəhrəsini verməyə başlayacaq. Eyni zamanda Qazağıstanla da çox effektiv birgə tədbirlər planı hazırlanıb həyata keçiriləcəkdir.