2022-2023-cü illər mövsümündə reqbinin Azərbaycanda populyarlaşdırılması və inkişafı istiqamətində Azərbaycan Reqbi Federasiyasının planlaşdırdığı tədbirlərə hazırlıq başlamışdır. Belə ki Federasiya rəsmiləri və Bakı şəhərində fəaliyyət göstərən iki özəl təhsil müəssisəsinin rəhbərliyi arasında görüş keçirilmişdir.
Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini bu təşəbbüsü pozitiv qarşıladı və ölkəmizdə reqbi idman növünün inkişaf etdirilməsi istiqamətində rəhbərlik etdiyi məktəb tərəfindən lazım olan dəstəyi əsirgəməyəcəyini bildirdi.
Azərbaycan Britaniya Kollecinin direktoru Karl Lander isə Böyuk Britaniyada reqbi idman növünün uşaqlar arasında populyarlaşdırılması və inkişafı üzrə kifayət qədər təcrübə toplamış və Federasiya ilə birlikdə yeni tədris ilindən başlayaraq bu işdə əməkdaşlarımıza dəstək olacağını qeyd etdi.
Qeyd edək ki bu praktika uzun illərdir ki TİSA (The İnternational School of Azerbaijan) məktəbində müvəffəqiyyətlə davam etdirilir və həmin məktəbin "TİSA Titans" komandası ölkədaxili və beynəlxalq turnirlərdə müntəzəm iştirak edir.
Yaxın zamanda bir neçə digər orta təhsil ocaqlarında görüşlər keçiriləcəkdir və cari ilin sentyabr ayından etibarən məktəblərdə reqbi məşqlərinin təşkil olunması, komandaların formalaşdırılması və müxtəlif yərışların keçirilməsi nəzərdə tutulur. Məqsəd - uşaq və yeniyetmələr arasında bu Olimpiya idman növünün daha da tanınması, peşəkar reqbi klublarımızın mü afiq yaş kateqoriyasında heyətlərin formalaşdırılması və yeniyetnələr arasında Azərbaycan milli yığma komandası üçün bacarıqlı və perspektivli oyunçuların kəşf edilməsidir.