Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Bakı açıq kuboku”-dan foto və video reportaj

Turnirlər / Reqbi-5 11-may-2015, 23:00 emil 0 123

rugby

10.05.2015 tarixində Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda Azərbaycan Reqbi Federasiyası tərəfindən Bakı şəhər gənclər və idman baş idarəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş reqbi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Yarış reqbinin olimpiya növü olan reqbi-7 üzrə keçirilmişdir. Turnirdə Azərbaycan, Gürcüstan və Rusiya ölkələri 7 komanda ilə təmsil olunmuşdur. Azərbaycanı "Legion" (132-134 nömrəli Təhsil Kompleksi), "Günəş evi" (3 saylı internat-məktəbi) və "Bakı Reqbi Klubu" komandaları təmsil ediblər. Ustalıq səviyyəsində fərqə baxmayaraq yerli oyunçular döyüş ruhunu nümayiş etdirmiş və daha təcrübəli xarici reqbiçilərlə bərabər mübarizə apardılar.  Nəticədə beynəlxalq arenada ilk dəfə çıxış edən "Legion" komandası yarışda 3-cü yeri tutmuşdur. Gürcüstanın "Tsikara" və Rusiyanın "Dağıstan qartalları" komandaları arasında keçirilən final qarşılaşmasında isə qələbəni Gürcüstan təmsilçiləri qazanıblar. "Enermech Rugby-5" layihəsinin rəhbəri və yarışmanın təşkilatçısı Eldar Kərimov qeyd etdi, ki bu cür tədbirlər gələcəkdə də mütəmadi olaraq keçiriləcək: "Uşaqlar arasında beynəlxalq idman turnirləri yarışma tədbiri olması ilə yanaşı müxtəlif ölkələrdən və fərqli milliyətlərdən olan gənclər üçün dostluq münasibətlərin yaradılmasına və inkişaf etməsinə, bir birindən təcrübə toplamasına şərait yaradır. Bu gün azərbaycanlı reqbiçilərinin əksəriyyəti üçün yarış ab havasını hiss etmək və Azərbaycanın bayrağını beynəlxalq turnirdə təmsil etmək imkanı yaradılmışdır. Şübhəsiz ki bu cür tədbirlər reqbinin yeni olimpiya idman növü olaraq Azərbaycanda populyarlaşmasına, uşaqların bu idmana cəlb olunmasına və ümumilikdə reqbinin Azərbaycanda inkişafına öz töhfəsini verəcək" - deyə Eldar Kərimov bildirdi.

"Tsikara" komandasının baş məşqçisi Nikoloz Tsikaridze yarış təşkilatçılarına öz təşəkkürünü bildirdi və Bakı komandalarının birində qız oyunçusunun olmasına da münasibətini bildirdi: "Bu bizim Azərbaycana ilk səfərimizdir. Turnir çox yüksək səviyyədə keçirilib və biz buna görə təşkilatçılara təşəkkürümüzü bildiririk. Uşaqlar üçün bütün kateqoriyalarda hədiyyələr təşkil olunmuşdur. Lakin mənim üçün ən yadda qalan və xoş olan hal Bakının "Legion" komandasının heyyətində qız oyunçusunun olmasıdır. Bu bir daha onun sübutudur ki reqbi Azərbaycanda getdikcə populyarlaşır. Ümid edirəm ki bu ənənə gələcəkdə də davam edəcək və ölkələrimiz arasında həm idman eləcə də digər sahələr üzrə mübadilə davam edəcək".

"Dağıstan qartalları" komandasının baş məşqçisi Əli Ələkbərobv da turnirdən razi qaldığını bildirdi: "Mən çox şadam ki biz bu yarışa gəlmişik. İkiqat sevincliyəm ki komandamı Vətənim olan Azərbaycana gətirmişəm. Düzdü bu gün biz finalda gürcüstan komandasına məğlub olduq və ikinci yer ilə kifayətlənməli olduq lakin bizim qələbələrimiz hələ irəlidədir. Azərbaycan komandalarına da uğurlar arzu edirəm və istərdim ki yaxın gələcəkdə komandam beynəlxalq turnirlərin finalında Azərbaycan komandaları ilə qarşılaşsın".

 

 

FOTOQALEREYA
(şəkilləri böytmək üçün tıklayın)


 

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr