E.Abbasov: Hədəfimiz güclü potensiala malik reqbiçilər yetişdirməkdir

Yeniliklər 17-avq-2020, 18:55 emil 0 240

 Reqbi üzrə 10-14 yaş qrupu üzrə məşqlərə start vermişik. Bundan əvvəl idmançılarımızla onlayn şəkildə hazırlıqlar aparılırdı. Məşqlərə Bakı, Gəncə, Qəbələ və Şəki şəhərləri üzrə dörd komanda cəlb edilib. Çalışırıq ki, digər idman növlərində olduğu kimi, reqbi üzrə də idmançılarımız böyük nailiyyətlər əldə etsinlər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Reqbi Federasiyasının fəxri prezidenti Elşən Abbasov deyib. O, ölkəmizdə idmanın bu növünün inkişafına nail olmaq üçün bir sıra tədbirlərin planlaşdırıldığını vurğulayaraq bildirib: “Hələlik, aşağı yaş qruplarında idmançılarla hazırlıq keçirik. Düşünürük ki, yaxın vaxtda yeniyetmələr, gənclər və böyüklərdən ibarət komandalarla da hazırlıqlara başlayacağıq. Reqbi üzrə ilk böyük yarış dekabrın sonuna planlaşdırılıb. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq respublika turniri keçirməyi planlaşdırırıq”.

E.Abbasov qeyd edib ki, reqbi Azərbaycanda ənənəvi idman növü olmasa da, ona maraq çox böyükdür. Reqbi dünyada ən çox yayılmış idman növlərindən biridir. Sevindirici haldır ki, yeniyetmə və gənclərimiz də bu idman növünə böyük maraq göstərirlər. Çalışacağıq ki, güclü potensiala malik reqbiçilər yetişdirək.

AZƏRTAC


Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr